Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın ehtiyacları üçün enerji avadanlığının alınmasına yardımın ayrılması qərarına görə minnətdaram”, - deyə Zelenski “Twitter” hesabında yazıb.
O qeyd edib ki, “dost Azərbaycanın dəstəyi Ukraynanın enerji kompleksinin dayanıqlılığını təmin etmək üçün vacibdir”.
“Biz Ukraynanın enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”, - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 17-də Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılması haqqında sərəncam imzalayıb.*
Xəbərlər şöbəsi