Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanovun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına həsr olunan “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi.
- Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə altıncı üçtərəfli görüş keçirilib. Onun nəticələrini necə qiymətləndirə bilərsiniz?
- Brüsseldə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar zamanı gündəliyin mühüm məsələləri nəzərdən keçirilib. Əsas mövzulardan biri Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır. Bakının Qarabağ erməniləri ilə birbaşa dialoqun qurulması Brüsseldə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Aİ Şurasının prezidenti Mişelin müzakirə etdiyi mühüm mövzulardan biri olub.
Mişelin sözlərinə görə, bununla əlaqədar yekun razılaşma yoxdur, lakin bu məsələnin dəqiqləşdirilməyə ehtiyacı var.
Ümumiyyətlə, hesab edirəm ki, görüş olduqca səmərəli keçib, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atıblar. Xüsusilə, Azərbaycan və Ermənistan liderləri 1991-ci il Alma-Atı bəyannaməsinə, habelə qarşılıqlı ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini bir daha təsdiqləyiblər.
Demək istəyirəm ki, artıq Brüssel görüşündən sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan Ermənistan mediasına məlumat verib ki, Azərbaycan hakimiyyətinin Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə tam inteqrasiyası planını hazırlayıb. Bu plan əslində bir il ərzində inteqrasiyanın yol xəritəsidir. Şahnazaryanın sözlərinə görə, bu proqram həyata keçirilməsinin dörd mərhələsini nəzərdə tutur: ilk növbədə, sənədlərin, pasportların Azərbaycan pasportlarına dəyişdirilməsi; ermənilərin yaşayış yerlərinin Azərbaycan manatının tətbiqi zonasına daxil edilməsi; qeyri-qanuni erməni silahlı dəstələrinin tam tərksilah edilməsi və dağıdılması və bu bölgədə hakimiyyətin tam olaraq Azərbaycan hökumətinə verilməsi. Bu yol xəritəsinin həyata keçirilməsinə 12 ay - hər mərhələ üçün üç ay ayrılıb.
- Belə bir plan nə dərəcədə realdır?
- Buna qarşı çıxan şəxsləri təcrid etmək şərti ilə olduqca realdır. Xüsusilə qeyd etmək lazımdır ki, inteqrasiya prosesində azərbaycanlılar Xankəndi, Xocalı, Əsgəran və digər yaşayış məntəqələrinə qayıdacaqlar və burada müvəqqəti olaraq Rusiya sülhməramlı kontingenti (RSK) öz missiyasını həyata keçirir. Üstəlik, paralel olaraq, azərbaycanlılar Ermənistandakı doğma ocaqlarına qayıda biləcəklər. Faktiki olaraq, paritetin bərpası istiqamətində addım atılıb və bu gündəliyin bəndi ölkələr arasında münasibətlərin normallaşmasında əsas rol oynaya bilər.
- Bir həftə əvvəl erməni kanallarından birində Aleksey Anpiloqov adlı şəxslə müsahibə olub. Verilişin adı «Qarabağ erməniləri azərbaycanlılar deyil: Bakı Şimali İrlandiya variantı riski ilə üz-üzə». Bununla bağlı şərhləriniz nədir?
- Həmin verilişi görmüşəm – bu, cənab Anpiloqovun təxəyyülünün bəhrəsidir. Belə bir müsahibə vermək üçün Azərbaycanda doğulmaq və ya bir müddət yaşamaq və başa düşmək lazımdır ki, azərbaycanlılara tolerantlıq və digər xalqlara və inanclara hörmət xasdır. Onlar əvvəllər və indi heç kəsi Islamı qəbul etməyə və ya özlərini azərbaycanlı hesab etməyə məcbur etmirlər. Azərbaycanda yaşayan ermənilərin özləri buna əmin ola bilərdilər. Məsələn, mənim soyadım türk təməllidir və belə türk və Azərbaycan soyadları ilə Azərbaycanda və Qarabağda ermənilərin sayı çoxdur. Amma heç kim milləti və ya inancını dəyişməyi təklif etməyib. Baxmayaraq ki, Azərbaycan erməniləri arasında çox sayda qıpçaq erməni, yəni qədim dövrlərdə erməni monofizitliyini qəbul etmiş və erməni xalqı ilə qarışmış türklər var. Cənab Anpiloqovu kədərləndirmək istəyirəm - Bakı Şimali Irlandiya variantı ilə üzləşməyəcək. Beləliklə, Anpiloqov kimilərə məsləhətim budur - sizin proqnozlarınızın heç biri reallaşmayacaq, buna görə də xalqlarımız arasında ədavət salmayın. **
Söhbət etdi R.Əhmədov