“Baku Steel Company” MMC 2022-ci ildə xalis mənfəətini 2021-ci illə müqayisədə 7,5% - 71,596 milyon manatadək artırıb.
Bu barədə şirkətin saytında BSC-nin press-relizində qeyd olunur.
2022-ci ildə müəssisənin gəlirləri 392,913 milyon manat (artım 30,5%), satışların maya dəyəri – 289,529 milyon manat (artım 40,8%), ümumi mənfəəti – 103,384 milyon manat (artım 8,4%) təşkil edib.
2022-ci ildə BSC-nin əməliyyat mənfəəti 87,838 milyon manat (artım 1,9%), vergiöncəsi mənfəəti – 86,179 milyon manat (artım 3,2%) təşkil edib.
Ötən il mənfəət vergisi üzrə ödənişlər 14,583 milyon manat (azalma 13,7%) təşkil edib.
2022-ci ildə şirkətin aktivləri 11% - 262,657 milyon manatadək artıb. Həmçinin, cəmiyyətin uzunmüddətli aktivləri 6,1% - 154.260 milyon manatadək, qısamüddətli aktivləri – 18,9% - 108,397 milyon manatadək artıb.
2022-ci ildə BSC-nin akpitalı 1,8 dəfə - 87,675 milyon manatadək artıb, nizamnamə kapitalı 36 milyon manata (dəyişməyib) bərabərdir. Həmçinin, 2023-cü ilin əvvəlinə bölüşdürülməmiş ümumi mənfəət 49,422 milyon manat (artım 4,9 dəfə) həcmində qiymətləndirilir.
2022-ci ildə cəmiyyətin öhdəlikləri 7,2% - 174,982 milyon manatadək azalıb.
Ötən il Baku Steel Company dövlət büdcəsinə 65,3 milyon manat ümumi məbləğdə vergi və sosial ayırmaları ödəyib.
Press-relizə əsasən, 2022-ci ildə həm istehsal həcmində, həm də BSC-nin hazır məhsullarının satış həcmində artım qeydə alınıb. Xüsusilə, ötən il polad (xammal) istehsalı 26,5% artaraq 362 min tona, armatura və polad simlər istehsalı 35,5% artaraq 340 min tona, tikişsiz polad boruları istehsalı isə 36,8% artaraq 26 min tona çatıb.
2022-ci ildə BSC-nin satışları 30,5% artaraq (ƏDV istisna olmaqla) 392,9 milyon manata çatıb.
"Baku Steel Cоmpany" MMC Azərbaycanda və bütün Qafqaz regionunda aparıcı polad ərimə müəssisəsidir. Müəssisə 21 iyun 2001-ci ildə istifadəyə verilib. **
N.Abbasova