İrəvanın Bakıya verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Bunu Prezident İlham Əliyev deyib.
“Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, etiraf etdilər ki, onlar 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır”, - deyə dövlət başçısı bu gün “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Minaların basdırılmasının müharibə cinayəti olduğunu diqqətə çatdıran prezident deyib ki, müharibə bitəndən sonra minalar üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb.
“Yəni, azad olunmuş ərazilərdə üç yüzə yaxın mina partlayışı baş verib. Həmin minaların xəritəsinin təqdim edilməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Ermənistanın baş naziri şəxsən rəsmi olaraq bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, elə xəritələr var”, - deyə Əliyev qeyd edib.*
N.Abbasova