Ultramillətçi “Danimarka vətənpərvərləri” qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyinin binası qarşısında keçirdikləri aksiyada Quranı yandırıblar. Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, ekstremistlər aksiyanı bu yaxınlarda Bağdaddakı İsveç səfirliyinə hücuma etiraz olaraq təşkil etdiklərini bildiriblər.
Aksiya polisin gücləndirilmiş mühafizəsi altında və media nümayəndələrinin iştirakı ilə keçirilib. Ekstremistlər aksiyanı sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlayıblar.
“Danimarka vətənpərvərləri” qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi.
İsveç hökumətinin Stokholmda Quranın yandırılması aksiyasına icazə verməsinə etiraz olaraq bu həftə etirazçılar İsveçin Bağdaddakı səfirliyinə hücum etmişdilər.*