Azərbaycan hökuməti Qarabağdan ölkənin mərkəzi rayonlarına boru kəmərlərinin inşasını planlaşdırır. Bunu Prezident İlham Əliyev deyib.
“Bizim su resurslarımızın 25%-i məhz Qarabağdan qaynaqlanır. Təsəvvür edirsiniz, biz 30 il bundan məhrum edilmişdik. Ermənilər platinaları və dambaları bağlayırdılar və bizim 100 minlərlə hektar torpağımız sudan məhrum edilirdi. Biz məcbur idik ki, artezian quyuları qazaq. Bu gün isə artıq həmin su nəinki Qarabağın həyat mənbəyidir, həmin su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcək”, - deyə dövlət başçısı Şuşada bildirib.
Onun sözlərinə görə, ölkə hökuməti xarici şirkətlərin Azərbaycanın kənd təsərrüfatı sektorunda fəaliyyətə cəlb edilməsində maraqlıdır. “Mən daha çox xarici şirkəti kənd təsərrüfatı sahəsində görmək istərdim. Bizdə belə şirkətlərin sayı elə də çox deyil. Biz o cümlədən suvarmada bəzi aparıcı avadanlıqlardan istifadə edirik. Ancaq mən investor görmək istəyirəm, çünki Azərbaycanın kənd təsərrüfatı sahəsinin, xüsusilə azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı olduqca böyükdür”, - deyə Əliyev qeyd edib.*
R.Əhmədov