Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xəttinin inşası layihəsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) noyabr ayına qədər təqdim olunacaq. Bunu Prezident İlham Əliyev deyib.
“Ötən ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-oktyabr aylarında təqdim olunacağını gözləyirik”, - deyə o, Şuşada bildirib.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
İyunda Bolqarıstanın bu layihəyə qoşulmasına dair qərar qəbul edilib.
Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır. Bu, dünyada ən uzun kabel olacaq.*
R.Əhmədov