Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib. Bu barədə nazirlikdən məlumat verilir.
“Hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb”, - məlumatda deyilir.
Hadisə bazar ertəsi yerli vaxtla 12:00-da baş verib.
Nazirlikdən bildirilib ki, hadisənin səbəbləri ilə əlaqədar araşdırma aparılır. Təfərrüatlar dəqiqləşdirilmir.
“Şirvan Araz zavodu” 1980-cı ildə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin Leninqradda yerləşən Uzaq rabitə Elmi-İstehsalat Birliyinin filialı kimi Uzaq rabitə adı altında fəaliyyətə başlayıb. 2006-cı ildən zavod Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxildir.
Şirvan Araz zavodunun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: müdafiə təyinatlı məmulatların yaradılması, təkmilləşdirilməsi, istehsalı; rabitə avadanlığı üzrə coxkanallı ötürmə sistemləri üzrə xətti trakt avadanlıqları istehsalı, texniki təyinatlı məhsulların və xalq istehlakı mallarının istehsalı. **
R.Kərimov