Bazar ertəsi SOCAR və Pakistanın Pakistan LNG Limited (PLL) şirkətləri arasında Lahorda Pakistana LNG tədarükünə dair çərçivə sazişi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” Pakistan mətbuatına istinadən məlumat verir.
Qeyd olunur ki, sənəd Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı ilə imzalanıb.
KİV-in məlumatına görə, müqavilənin müddəti eyni müddətə uzadılma imkanı ilə bir ildir. Sənədə əsasən, Pakistan hər ay Azərbaycan tərəfindən güzəştli qiymətə LNG almaq imkanı əldə edir.
KİV tədarükün həcmini dəqiqləşdirmir.
Daha əvvəl Pakistanın baş naziri Şahbaz Şərifin dəftərxanasına istinadən məlumat verilib ki, 14-15 iyun atrixlərində Şərifin Azərbaycana səfəri zamanı müvafiq razılıq əldə olunub.
Xəbər verildiyi kimi, Pakistan hökuməti yanında İqtisadi Əlaqələndirmə Komitəsi (The Economic Coordination Committee/ECC) çərşənbə günü “Pakistan LNG Limited” (PLL) və SOCAR şirkətləri arasında LNG alışına dair çərçivə sazişinin imzalanmasını təsdiqləyib. **
R.Kərimov