Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri 70% tamamlanıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev məlumat verib.
“Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70%-i artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq”, - Əliyev “China Global Television Network” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı həmçinin Azərbaycan üzərindən daşımaların o cümlədən Gürcüstanın dəniz limanlarından keçəcəyini vurğulayıb. "Bununla əlaqədar biz bəzi investisiyala imkanlarını böyük maraqla nəzərdən keçiririk. Beləliklə, həqiqətən, nəqliyyat əməkdaşlığı bütün ölkələr üçün son dərəcə sərfəli olacaq", - prezident qeyd edib.
Əliyev bildirib ki, dəhlizlər boyu çox sayda yeni istehsalatın yaradılması planlaşdırılır.
"Biz yalnız tranzit ölkə olmaq istəmirik. Bəli, bu geosiyasi nöqteyi-nəzərindən yaxşıdır, yəni əlavə mənfəət verir, biz Azərbaycanda iri sənaye zonaları yaratmaq istəyirik və faktiki olaraq bu istiqamətdə hərəkət edirik. Hesab edirəm ki, bu da Çin şirkətləri üçün cəlbedici ola bilər, çünki onlar Ələt Azad İqtisadi Zonasında istehsalat təşkil edə bilərlər ", - prezident deyib.**
B.Rüstəmbəyov