Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin əla səviyyədə olduğunu bildirib.
“Bunu bir daha təsdiq edə bilərəm ki, münasibətlər əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir”, - deyə dövlət başçısı Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.
O qeyd edib ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər “çox uzun bir yolun başlanğıcıdır və ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır”.
“Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür”, - deyə dövlət başçısı bildirib.
Əliyev əlavə edib ki, Azərbaycanla Çin arasında qarşılıqlı ticarətin həcmi artır və “ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük”.
“Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir”, - deyə prezident vurğulayıb.
O deyib ki, xarici siyasət prioritetlərinə və gündəliyə gəldikdə, Azərbaycanın və Çinin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqlar var. “Son zamanlar bizim münasibətlərimiz daha da intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. Bu səbəbdən, uzun bir yolun başlanğıcında olduğumuzu deyəndə, buraya məhz bu məsələlər daxildir. İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır”, - deyə Əliyev vurğulayıb.
O, həmçinin deyib ki, Prezident Si Cinpinə dərin ehtiramı var.
“Onun uzaqgörənliyi, zəkası, səmimiliyi və ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq Azərbaycanın gündəliyindən daha genişdir. Buna baxmayaraq, bizim əməkdaşlığımızın mahiyyəti və perspektivləri barədə dərindən məlumatlı olması göstərir ki, cənab Si Cinpin olduqca məsuliyyətli şəxsdir və çox uğurlu xarici siyasət bunun nəticəsidir. Bilirsiniz ki, dünyada Çinin dostlarının sayı ildən-ilə artır və bu, məhz həmin müdrik siyasətin nəticəsidir. Biz onun ölkəsinin inkişafını və yardıma ehtiyacı olanlara dəstək istiqamətindəki fəaliyyətini yalnız alqışlaya bilərik. Hesab edirəm ki, bu, dünyada nadir hallardan biridir”, - deyə dövlət başçısı əlavə edib.*
R.Kərimov