Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsi üzrə birgə müəssisə yaradacaq. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstandan olan həmkarlarla yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün 4 ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu imzaladıq”, - deyə Şahbazov sosial şəbəkədə yazıb.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
İyunda Bolqarıstanın bu layihəyə qoşulmasına dair qərar qəbul edilib.
Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır. Bu, dünyada ən uzun kabel olacaq.*
B.Rüstəmbəyov