Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiyanın fəallığı azalıb. Ermənistanın baş naziri Nikol Paşinyan belə hesab edir.
“Mən ABŞ-ın səylərini çox yüksək qiymətləndirirəm. Onlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin reallaşması üçün həqiqətən çox ciddi səy göstərirlər. Qeyd etmək lazımdr ki, Rusiyanın danışıqlardakı fəallığı və təşəbbüskarlığı azalıb, bu, onların məsələnin həllini istəməməsinə görə deyil, Ukraynadakı hadisələrlə bağlıdır”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, son illərdə Ermənistan və Azərbaycan arasında görüş və danışıqların böyük hissəsi Qərb platformalarında baş tutub.
“Bu, Rusiyanı prosesdən kənarlaşdırmaq istəyi ilə bağlı deyil, obyektiv səbəblərdən baş verir. Lakin bizə danışıqlar lazımdır, biz nəticə istəyirik”, - deyə baş nazir qeyd edib.
O hesab edir ki, Rusiya və Qərbin bölgədəki vəziyyətlə bağlı mövqelərində yaxınlaşma müşahidə olunur.*