Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanı Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiyada ittiham edib, İrəvandan Bakıya qarşı ərazi iddialarına son qoymağı və silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmağı tələb edib.
“Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur”, - Hacıyev çərşənbə günü Aİ ölkələrinin, həmçininTürkiyə, ABŞ və İsveçrə səfirləri ilə görüşün yekunlarına dair Twitter hesabında yazıb və məlumat verib ki, vəziyyət barədə həmsöhbətlərini məlumatlandırıb.
Hacıyev qeyd edib ki, “Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub” və əlavə edib ki, «təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir”.
Onun sözlərinə görə, “Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar”.
“Teatral səhnələr və yük maşınlarını nümayiş xətrinə Laçın buraxılış məntəqəsinə gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini Azərbaycanın Qarabağ regionundan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır”, - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
O, həmçinin qeyd edib ki, Qarabağdakı bütün qanunsuz qüvvələrin tərksilah edilməsi təmin olunmalıdır.
“Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əsilli sakinlərinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir. Başqa yol yoxdur! Oyun bitdi!”, – Hacıyev yekun vurub. **
İnformasiya şöbəsi