Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanatının təəssüf doğurduğunu bildirib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan tərəfi Avropa İttifaqının bölgədə sülhün və sabitliyin bərqərar olmasına, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirir.
“Buna baxmayaraq, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur”, - deyə o bildirib.
A.Hacızadənin sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibədən sonra ölkəmizin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhdid olmaqda davam edən erməni silahlı qüvvələrinin ərazilərimizdən tam olaraq çıxarılmaması ilə yanaşı, Laçın yolundan istifadə etməklə Ermənistanın qeyri-qanuni fəaliyyətlər aparmasına, Azərbaycan ərazilərinə silah-sursat, eləcə də mina daşınmasına, Azərbaycanın təbii sərvətlərinin Ermənistana aparılmasına Azərbaycan tərəfinin etirazlarına heç zaman məhəl qoyulmaması və gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır.
Mətbuat katibi qeyd edib ki, eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarlarının açıq-aydın şəkildə yanlış şərh edilməsinin heç bir nəticə verməyəcəyi aydın olmalıdır. Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən 6 iyul tarixli qərar bir daha göstərib ki, Azərbaycanın öz təhlükəsizliyini qoruması legitim tədbirdir.
“Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib. Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq olmaqla yanaşı, öz ərazisində qeyri-qanuni fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərinin qarşısını qətiyyətlə alacaqdır”, - deyə A.Hacızadə vurğulayıb.*
R.Kərimov