30 iyun 2023-cü il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 707,533 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci ildən etibarən ASB-nin aktivlərində rüblük azalma müşahidə olunur.
30 iyun 2023-cü il tarixinə aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 397,867 milyon manat (azalma 1,5%) təşkil edir.
Bankın kredit portfeli 241,17 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,2% - İF) bərabərdir.
30 iyun 2023-cü il tarixinə bankın öhdəlikləri 595,763 milyon manat (azalma 6,6%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 436,625 milyon manata (azalma 2,9%), o cümlədən əhalinin əmanətləri 317,783 milyon manata (azalma 10%) bərabərdir.
Bankın kapitalı 111 milyon 770,16 min manat (artım 1,6%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
Birinci yarımillikdə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 1 milyon 978,8 min manat (2022-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə azalma 34,1% - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb.*
X.Nəsirzadə