SOCAR şirkəti Macarıstanın qaz anbarlarında qaz saxlamağa başlayıb. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.
“Yaxşı xəbər var: Azərbaycanın SOCAR enerji şirkəti müqaviləyə əsasən Macarıstanın anbarlarında 50 milyon kubmetr ilk qazı saxlamağa başlayıb”, - Siyarto Facebook şəbəkəsində yazıb.
Öncə Siyarto iyulda məlumat verib ki, Macarıstan və Azərbaycan 50 milyon kubmetr həcmində qaz saxlanmasına dair müqavilə imzalamağa hazırlaşır. Lakin, sənədin imzalanma tarixi barədə məlumat verilmirdi.
Xəbər verildiyi kimi, iyunun 2-də Azərbaycanın SOCAR və Macarıstanın “MVM CEEnergy” şirkətləri arasında 2023-cü ildə Azərbaycan qazının Macarıstana tədarükünə dair müqavilə imzalanıb və Macarıstanın qaz anbarlarının istifadəsi üzrə əməkdaşlıq müzakirə olunub.
Sazişə əsasən, bu ilin sonunadək Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz daxil olacaq. 2023-cü ilin dördüncü rübündə qaz tədarükünə başlamaq planlaşdırılır.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.**
N.Abbasova