Azərbaycan Ordusunun hərbi qulluqçuları Özbəkistanda keçiriləcək “UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təlimi”ndə iştirak edəcəklər. Bu barədə cümə günü Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təlimi” keçiriləcək. Azərbaycan Ordusunun təlimdə iştirak edəcək bir qrup hərbi qulluqçusu Özbəkistanda səfərdədir”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunub ki, Özbəkistan-Azərbaycan birgə təlimində hərbi qulluqçular xüsusi hərbi əməliyyatların təşkili və aparılması üzrə mövzuları məşq etdirəcəklər.
“UZAZ-2023” təlimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən keçiriləcək. **
R.Kərimov