Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın Bakıdakı yeni səfiri Abdurahmon İlham Barotzodanın etimadnaməsinin surətini qəbul edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“28 iyul tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzodanı qəbul edib. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib”, - XİN-in məlumatında deyilir.
Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbər verildiyi kimi, iyulun 3-də Tacikistan prezidenti Emoməli Rəhmon Abdurahmon İlhom Barotzodanın Azərbaycana yeni səfir təyin edilməsi haqqında fərman imzalayıb. Tacikistanın Azərbaycandakı əvvəlki səfiri Rüstəm Soli təqaüdə çıxması ilə əlaqədar vəzifəsindən azad edilib. **
R.Kərimov