Cümə günü Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib.
“İclasda ölkədə yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, Bakı şəhərində tıxac probleminin həlli, ictimai nəqliyyatda əlçatanlığın artırılması və ictimai nəqliyyatın idarəedilməsi sisteminin optimallaşdırılması, Bakı metropoliteninin inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər müzakirə olundu”, - məlumatda bildirilir.
O cümlədən, ölkədə nəqliyyat mobilliyinin transformasiyası və Bakı metropoliteninin potensialının qiymətləndirilməsi proqramlarının icrasına dair təqdimatlar keçirildi.
Bundan başqa, ölkədə, xüsusilə də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işinin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənildi, müvafiq tapşırıqlar verildi. **
X.Nəsirzadə