Özbəkistanda “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən keçirilir.
“Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər”, - deyə məlumatda bildirilir.
Təlimin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsinin aparılması, hər iki dövlətin hərbi qulluqçularının qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.*
B.Rüstəmbəyov