Bakı və Ankara İğdır-Naxçıvan qaz kəmərinin inşasının 2024-cü ildə başa çatacağına ümid edir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Türkiyə xarici işlər naziri Hakan Fidanla danışıqlar zamanı iki ölkə arasında enerji əməkdaşlığını müzakirə etdik. Bununla əlaqədar İğdır-Naxçıvan qaz kəməri layihəsinin həyata keçirilməsinin önəmini və onun 2024-cü ildə başa çatacağını xüsusi qeyd etmək istəyirik”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, ümumilikdə enerji əməkdaşlığı Azərbaycanla Türkiyə arasında “əməkdaşlığın ən gözəl nümunələrindən biridir”.
“Cənub Qaz Dəhlizi Avrasiya regionunun enerji xəritəsini dəyişən layihələrə aiddir. Hazırda bu layihənin genişləndirilməsi və əlavə qaz həcmlərinin həm Türkiyə bazarına, həm də Türkiyə ərazisindən Avropaya çatdırılması üçün konkret layihələr həyata keçirilir. Yaxın aylarda biz nəticələri (bu işlərin - İF) görəcəyik”, - deyə XİN başçısı qeyd edib.
O dəqiqləşdirib ki, Avropa Komissiyasının müraciəti və bir ildən artıqdır ki, qaz təchizatında çatışmazlıqlarla üzləşən Avropa ölkələrinin çoxsaylı müraciətləri nəzərə alınmaqla, hazırda TANAP və TAP qaz kəmərlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılır.
“Eyni zamanda, Azərbaycanla Türkiyə arasında mövcud olan digər qaz kəmərlərindən istifadə olunmaqla Türkiyə ərazisindən Avropaya qaz nəqlini artırmaq üçün konkret işlər görülür və yaxın aylarda biz bu işlərin nəticələrini görəcəyik”, - deyə o əlavə edib.
İğdır-Naxçıvan qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək. Bu, Naxçıvan Muxtar Respublikasına gündəlik 1,5 milyon kubmetr qaz nəql etməyə imkan verəcək. Azərbaycan qazı bu kəmərlə Türkiyədən NMR-ə nəql ediləcək.
Türkiyə ərazisində İğdır-Naxçıvan boru kəmərinin uzunluğu təxminən 85 km təşkil edəcək. Layihə çərçivəsində bir qaz ölçmə stansiyasının inşası da planlaşdırılır.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. 2021-ci ildə ixracın həcmi 8 milyard kubmetri ötüb, 2023-cü ildə 12 milyard kubmetrə qədər təşkil edəcək, 2027-ci ilədək isə ildə ən azı 20 milyard kubmetrə çatacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. Bundan başqa, 2023-cü ilin sonuna qədər Azərbaycan qazının Macarıstan və Serbiyaya ixracına başlanıla bilər.*
N.Abbasova