Ermənistan öhdəliklərini yerinə yetirmir, hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır və Zəngəzur dəhlizinin açılmasına mane olur. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ermənistan öhdəliklərinə zidd olaraq hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır, Zəngəzur dəhlizinin açılmasına mane olur və Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyinin qayğısına qalmaq” bəhanəsi ilə Azərbaycanın daxili işlərinə qarışmaq niyyətindən əl çəkmir, bölgədə sülh və sabitliyə təhdid yaradır”, - deyə nazir bu gün Ankarada türkiyəli həmkarı Hakan Fidanla mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanın yürütdüyü siyasət, habelə “Bakı və Ankaranın regionun gələcəyinə dair ümumi baxışları” və atılan addımlar bundan sonra da Cənubi Qafqazda tərəqqi və təhlükəsizliyi təmin edəcək.
Bayramov əlavə edib ki, Zəngəzur dəhlizinin açılması “yeni mərhələdə xüsusi aktuallıq kəsb edir”.
Azərbaycan-Türkiyə münasibətlərinə toxunan Azərbaycan XİN başçısı qeyd edib ki, Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Bakı və Ankara əməkdaşlığı, o cümlədən hərbi sahədə qarşılıqlı fəaliyyəti möhkəmləndirir.*
R.Kərimov