Bir sıra Avropa ölkələrində Qurani-Kərimin təhqir olunması aktları qəbuledilməzdir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakı İsveç və Danimarkada Qurani-Kərimin yandırılmasını pisləyir və müqəddəs dini atributlara qarşı istənilən təxribatları qəbuledilməz hesab edir.
Bayramov qeyd edib ki, bu cür hərəkətləri “insan hüquqları və söz azadlığı” ilə əlaqələndirmək yersizdir. Müsəlmanların hisslərini təhqir edən hərəkətlər “söz azadlığı” və ya “insan hüquqları” kimi təqdim edilə bilməz.
“Biz nəticələrə baxacağıq və vəziyyəti onlara görə qiymətləndirəcəyik. Əfsuslar olsun ki, bir sıra ölkələrdə islamofobiya geniş yayılıb. Müqəddəs kitabın təhqir olunması islamofobiyanın təzahürlərindən yalnız biridir. Bir sıra ölkələrdə kampaniyalar keçirilir və bu, tamamilə yolverilməzdir”, - deyə o bildirib.*