Xarici İşlər Nazirliyi İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərliyə qarşı irəli sürülmüş ittihamın dəyişdirildiyini bildirib.
“İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün bildirib.
O qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı İran hökuməti ilə təmasdadır, Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, onun valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb.
“Bununla yanaşı, İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, tərəfimizdən edilmiş bu müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, müraciətlərimizə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb”, - deyə Hacızadə əlavə edib.
Xəbər verildiyi kimi, Almaniyanın Yena Universitetində təhsil alan 1997-ci il təvəllüdlü Fərid Səfərli bu il fevralın 20-də İrana gedib və martın 4-dən onunla əlaqə kəsilib. Daha sonra onun İranda həbs olunması ilə bağlı məlumat yayılıb.*
Xəbərlər şöbəsi