2022-ci il ərzində “Azərenerji” ASC-nin xalis mənfəəti 445,577 milyon manat (cari məzənnə ilə $262,1 milyon - İF) təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 3,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Azərenerji”nin 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına əsasən, ötən il cəmiyyətin gəlirləri 1 milyard 851,679 milyon manat (artım 40,2%) təşkil edib. “Azərenerji” elektrik enerjisinin satışından 1 milyard 840,564 milyon manat (artım 43,7%), elektrik şəbəkəsinə qoşulma xidmətindən 6,987 milyon manat (azalma 20,8%) gəlir əldə edib. Digər gəlirlərin payı 4,128 milyon manat (azalma 86,5%) təşkil edib.
2022-ci ildə cəmiyyətin əməliyyat mənfəəti 451,68 milyon manat (artım 3,5 dəfə) təşkil edib. Xarici valyuta mübadiləsindən xalis mənfəət 204,401 milyon manat (artım 30,2%), xalis maliyyə xərcləri 25,269 milyon manat, əmlak, tikili, avadanlıq və onların alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə zərərinin bərpası 3,07 milyon manat (azalma 68,2%) məbləğində olub.
Nəticədə, 2022-ci ilin yekunları üzrə “Azərenerji” ASC-nin vergi ödənilənədək mənfəəti 534,938 milyon manat (artım 2,7 dəfə), cəmiyyət tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 98,432 milyon manat (artım 1,96 dəfə) təşkil edib.
2021-ci ildə xarici valyuta ilə əməliyyatların çevrilməsindən yaranan məzənnə fərqləri 9,071 milyon manat təşkil edib. Nəticədə, ötən il xalis mənfəət 445,577 milyon manata bərabər olub.
2022-ci ildə “Azərenerji”nin aktivləri 9% - 4 milyard 522,509 milyon manata qədər, uzunmüddətli aktivləri 10,1% - 3 milyard 763,38 milyon manata qədər, qısamüddətli aktivləri 4,2% - 759,129 milyon manata qədər artıb.
Hesabat ilində “Azərenerji”nin məcmu kapitalı 40,4% - 2 milyard 309,513 milyon manatadək artıb, nizamnamə kapitalı 1 milyard 760,495 milyon manat (dəyişməyib) təşkil edib.
2023-cü ilin əvvəlinə cəmiyyətin yığılmış zərəri 2 milyard 164,739 milyon manat (azalma 16,8%) məbləğində qiymətləndirilir.
2022-ci ildə cəmiyyətin öhdəlikləri 11,6% - 2 milyard 212,996 milyon manatadək azalıb, uzunmüddətli öhdəlikləri 1 milyard 446,173 milyon manat (azalma 21,3%), qısamüddətli öhdəlikləri 666,347 milyon manat (artım 15,1%) təşkil edib.
2022-ci ildə ASC-nin investisiya fəaliyyətinə yönəldilmiş pul vəsaitləri 15,8% - 572,394 milyon manata qədər artıb.**
N.Abbasova