“BP-Azerbaijan” şirkəti 2023-cü ilin I yarısında “Şahdəniz” yatağından 13 milyard kubmetr qaz hasil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə yataqdan təqribən 18 milyon barel kondensat (2 milyon tondan çox) hasil edilib ki, bu da 2022-ci ilin yanvar-iyun aylarının göstəricisinə uyğundur.
“Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon kubmetr və ya ildə 26,5 milyard kubmetrdən çoxdur”, - şirkətdən məlumat verilir.
2023-cü ilin I yarısında “Şahdəniz” konsorsimunun yatağın işlənməsi üzrə xərcləri $1 milyard 616 milyon (artım 11,8%), o cümlədən istismar xərcləri $1 milyard 208 milyon, əsaslı xərcləri $408 milyon təşkil edib. Bu xərclərin əsas həcmi “Şahdəniz-2” layihəsinin payına düşüb.
Həmçinin, məlumat verilib ki, Cənubi Qafqaz Boru Kəməri (South Caucasus Pipeline, SCP və ya Bakı-Tbilisi-Ərzurum) ilə gündə orta hesabla 60,7 milyon kubmetr qaz (2022-ci ilin yanvar-iyun aylarında 56,9 milyon kubmetr) nəql olunub. Cari ilin I yarısında SCP-nin istismar xərcləri $39 milyon təşkil edib, əsaslı xərcləri isə $3 milyondan çox olub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2022-ci ildə “Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +11,5%) və 4,4 milyon ton kondensat (+4,8%) hasil edilib.
SCP boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə çatdırır. “Mərhələ-2” çərçivəsində boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.
Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 km-i Azərbaycanda, 248 km-i isə Gürcüstandadır.
“SCP Co.” şirkətinin səhmdarları BP (29,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” (21,02%), LUKOIL (19,99%) və NIKO (10%) şirkətləridir.**
N.Abbasova