2023-cü ilin iyun ayında Azərbaycandan İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql olunan qazın həcmi 784 milyon kubmetr (ildən ilə azalma 14,6%) təşkil edib.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanvar-iyun aylarında Azərbaycandan 4,901 milyard kubmetr qaz (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə -2,4%) ixrac edilib.
Xəbər verildiyi kimi, yanvarda TAP qaz kəməri vasitəsilə İtaliyaya 852 milyon kubmetr, fevralda 701 milyon kubmetr, martda 898 milyon kubmetr, apreldə 860 milyon kubmetr, mayda 806 milyon kubmetr qaz ixrac olunub.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2022-ci ildə Aİ ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15,599 milyard avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, 2022-ci ildə TAP vasitəsilə İtaliyaya 10,325 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarük olunub. Avrostatın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard avro dəyərində (il ərzində artım 3,9 dəfə) təbii qaz idxal edib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.**
R.Kərimov