Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış ƏİK bölmələrində olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
Vəliyev şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə görülən tədbirlərlə maraqlanıb. Cari ildə bölmələrin ƏİK proqramı üzrə keçiriləcək qiymətləndirmə təliminə hazırlıq prosesi ilə bağlı komandir heyətinin məruzələrini dinləyib.
“Qeyd edilib ki, səhra təlim bazasında keçirilən taktiki-xüsusi hazırlıq üzrə məşğələlərdə əsas diqqət şəxsi heyətin müasir ümumqoşun döyüşünün aparılması üsullarının tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib”, - məlumatda deyilir.
Sonra Vəliyev hərbi hissələrin birində komando hazırlığı kursunun gedişi ilə tanış olub. Komandoların silahlanmasında olan artilleriya qurğuları və digər silahların tətbiqi ilə keçirilən məşqlər zamanı hərbi qulluqçuların hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Daha sonra müdafiə nazirinin müavini təlm sahəsinə gələrək burada Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının cəlb olunduğu dağ hazırlığı kursunun gedişini izləyib.
“Məruzə olunub ki, çöl çıxışı zamanı müxtəlif mövzular üzrə keçirilən məşğələlərdə kursantlara dağ maneələrinin dəf edilməsi qaydaları öyrədilir, onların fərdi hazırlığına, həmçinin qrup şəklində praktiki tapşırıqların icrasına xüsusi diqqət yetirilir. Vəliyev təlim və məşqlərin intensivliyinin və keyfiyyətinin artırılması, habelə hərbi qulluqçuların döyüş vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlığın gecə və gündüz şəraitində keçirilməsi barədə göstərişlər verib”, - MN-dən qeyd olunur. **
X.Nəsirzadə