BP-nin Azərbaycandakı layihələri üzrə podratçı şirkətlər 2023-cü ilin birinci yarısında $718,5 milyon məbləğində sifariş yerinə yetiriblər ki, bu da 2022-ci ilin yanvar-iyun aylarırın göstəricisindən 10% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Qeyd olunan $356 milyon dəyərində ümumi məbləğdən sifariş 14 birgə müəssisə, $22,3 milyon dəyərində sifariş 18 dövlət müəssisəsi, $167,8 milyon dəyərində sifariş 195 kiçik və orta müəssisə, $172,4 milyon dəyərində sifariş isə BP şirkətinin Azərbaycandakı layihələri üzrə işləyən 75 xarici şirkət tərəfindən yerinə yetirilib”, - şirkətdən bildiriblər.
2023-cü ilin yanvar-iyun aylarında sosial layihələrin həyata keçirilməsinə $1,3 milyon məbləğində investisiya qoyulub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (6,67%).
Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir. **
N.Abbasova