“Azpal” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində texniki silisium istehsalı müəssisəsinin yaradılmasına 58,9 milyon manat (cari məzənnə ilə $34,6 milyon) investisiya qoyacaq. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Azpal” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 58,9 milyon manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək”, - deyə nazir sosial şəbəkədə yazıb.
O qeyd edib ki, bununla da Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.*
N.Abbasova