Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir, 2025-ci ilədək onların sayı 17-yə çatacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölgələrdə, xüsusilə Naxçıvan, Şuşa, Masallı, Quba, Şəki və digər şəhərlərdə bir sıra DOST mərkəzlərinin inşası istiqamətində iş aparır. “Yaxın vaxtlarda ən azı 4 mərkəzin açılışı gözlənilir”, - deyə hökumətdən qeyd ediblər.
DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2% təşkil edir.*
R.Əhmədov