İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar-iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə yığımları artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manata yaxın olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 375,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6% artaraq 1,9 milyard manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% artaraq 105,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8% artıb və 76,6 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% artaraq 536,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5% artıb və 372,3 milyon manat təşkil edib.*
X.Nəsirzadə