Daşkənd Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır, bu istiqamətdə bir sıra təkliflər hazırlayıb. Bunu Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyatın və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Beqzod Xolmatov bu gün Bakıda keçirilən “Azərbaycan - Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada deyib.
“Biz Orta Dəhliz vasitəsilə ixrac-idxal daşımalarının həcminə dair proqnoz hazırlamışıq, bu proqnoza əsasən, yükdaşımaların (Özbəkistandan) 1,5 milyon tona çatdırılması nəzərdə tutulur”, - deyə o bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, Xolmatov qeyd edib ki, “bu gün idxalçılarımız beynəlxalq məsləhətçilərlə birlikdə Bakı Limanı (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı – İF) ərazisində yüklərin daşınması və saxlanması üçün anbar infrastrukturunun yaradılması məsələsini öyrənir. Eyni zamanda, liman rəhbərliyi ilə danışıqlar aparılır”.
Mərkəzin direktoru, həmçinin Daşkəndin Özbəkistanın biznes nümayəndələri üçün Bakı Gəmiqayırma Zavodunda gəmilərin inşasında maraqlı olduğunu da diqqətə çatdırıb. O deyib ki, ilkin hesablamalara görə, Xəzər dənizi ilə yüklərin daşınması üçün əlavə 5-6 gəmiyə ehtiyac var.
“Biz Özbəkistanın biznes nümayəndələri üçün yük gəmilərinin inşası məsələsini Azərbaycan tərəfi ilə birgə öyrənməyi təklif edirik”, - deyə Xolmatov bildirib.*
R.Kərimov