Prezident İlham Əliyev “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” sərəncam imzalayıb.
74-cü Beynəlxalq Astronavtika Konqresi 2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək.
Sərəncama əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və aşağıdakı sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər: 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd; 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
R.Əhmədov