Bakı və İrəvandan sülhün mümkün qədər tez əldə olunmasına sadiq olduqları barədə gələn siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar, hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapılmalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə deyib.
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında əldə edilmiş üçtərəfli razılaşmaların elementlərindən biridir. Rusiya bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək sülh müqaviləsinin hazırlanmasında Bakı və İrəvana ciddi şəkildə köməklik göstərir: hər il üçtərəfli sammitlər keçirilir, mütəmadi olaraq xarici işlər nazirləri görüşür”, - deyə Zaytsev bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvandan sülhün mümkün qədər tez əldə olunmasına sadiq olduqları barədə gələn siqnallar tərəflərin istənilən şərtlərlə razılaşmağa hazır olduqları demək deyil. “Hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapılmalıdır”, - deyə direktor müavini əlavə edib.*
R.Əhmədov