Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını təsdiq edib.
Nazirlər Kabinetinin qərarına əsasən, 371 adda malın idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilir. Qərar, həmçinin işğaldan azad edilmiş ərazilərdə 14 iqtisadi fəaliyyət sahəsi üzrə idxalı da əhatə edir.
Bu siyahıya aşağıdakı fəaliyyət sahələri daxildir: geyim və xəz məhsullarının istehsalı; dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı; yığma parket döşəmələrin istehsalı; divar kağızlarının istehsalı; saxsı santexnika məmulatlarının istehsalı; alətlərin istehsalı; kompüter, elektron və optik məhsulların istehsalı; elektrik avadanlıqlarının istehsalı; maşın və avadanlıqların istehsalı; avtonəqliyyat vasitələri üçün elektrik və elektron avadanlıqların istehsalı, sərnişin daşımaq üçün sair avtonəqliyyat vasitələrinin istehsalı, bir və ya bir neçə üsulla yükləri daşımaq üçün xüsusi nəzərdə tutulan konteynerlərin istehsalı; silindrlərinin həcmi 50 kub sm-dək olan daxili yanma piston mühərrikli motosikletlər və mopedlərin, həmçinin silindrlərinin həcmi 50 kub sm-dən çox olan piston mühərrikli motosikletlərin istehsalı; sair sənaye məmulatlarının istehsalı (zərgərlik məmulatlarının istehsalı və azqiymətli materiallardan zərgərlik məmulatlarının istehsalı istisna olmaqla).
Bu qərar 1 yanvar 2023-cü il tarixindən tətbiq edilir və 1 yanvar 2033-cü il tarixinədək qüvvədədir.*
N.Abbasova