Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Forbes” nəşrində Laçın yolu ətrafında vəziyyətə dair məqaləsi dərc edilmiş Evelina Oçabı tənqid edib.
“Evelina Oçab, sizin “Forbes” nəşrindəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur”, - deyə H.Hacıyev bu gün “Twitter”də yazıb.
O qeyd edib ki, məqalənin müəllifi insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqları və acınacaqlı vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmayıb. Azərbaycan Ermənistanın 30 il dağıdıcı hərbi işğalından əziyyət çəkib, “amma siz bütün bunlara susqunluqla yanaşdınız”.
Prezidentin köməkçisi bildirib ki, məqalədə Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə edilməsi ilə bağlı təklifinin üstündən keçilir.
“Ermənistanın himayə etdiyi marionet separatçı rejim Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini girov saxlayır”, - deyə o yazıb.
H.Hacıyev əlavə edib ki, insan haqları müdafiəçisi kimi nəcib status neytrallıq, siyasi manipulyasiyalardan uzaqlıq, obyektivlik və ədalətli olmağı tələb edir. “Təəssüf edirəm ki, “Forbes” birtərəfli təbliğat üçün platforma təmin edir”, - deyə prezidentin köməkçisi vurğulayıb.*
Xəbərlər şöbəsi