Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər və bölgədəki vəziyyət müzakirə olunub”, - deyə məlumatda bildirilir.
C.Bayramov Ermənistanın bölgədə vəziyyəti qəsdən gərginləşdirdiyini bildirib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu vurğulayıb.
Nazir Ermənistanın Azərbaycanın öz suveren ərazilərində yaratdığı Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları davam etdirdiyini, buna baxmayaraq, ölkəmizin erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait yaratdığını xatırladıb.
C.Bayramov qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratması və bu yollarla yüklərin daşınmasına qarşı çıxması “blokada” və “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib.*
Xəbərlər şöbəsi