Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü il avqustun 9-dan fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə 20000 ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edib.
AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda Mərkəzi Bankın İdarə Heyətinin 28 iyul 2023-cü il tarixli Qərarı ilə dəyişikliklər edilib. Həmin dəyişikliklər 9 avqust 2023-cü il tarixində qüvvəyə minib.
Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20000 ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.
Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10000 ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.
Eyni zamanda bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilib, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir.*
X.Nəsirzadə