Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında 39,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 2,4% azalıb, qeyri neft-qaz sektorunda isə 6,5% artıb.
Sənaye məhsulunun 69,1%-i mədənçıxarma sektorunda, 25,7%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 43%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7%, poliqrafiya məhsullarının istehsalı 34,3%, kağız və karton istehsalı 31,8%, içkilərin istehsalı 26%, tikinti materiallarının istehsalı 24,1%, maşın və avadanlıqların istehsalı 20%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,5%, hazır metal məmulatlarının istehsalı 19,1%, neft məhsullarının istehsalı 15,9%, qida məhsullarının istehsalı 11,7%, tütün məmulatlarının istehsalı 10%, kimya sənayesi məhsullarının istehsalı 3,6%, mebel istehsalı 2,5% artıb, elektrik avadanlıqlarının istehsalı 0,2%, əczaçılıq məhsullarının istehsalı 13,9%, sair nəqliyyat vasitələrinin istehsalı 17%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,1%, geyim istehsalı 23,4%, sair sənaye məhsullarının istehsalı 29,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 31,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,1% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,7% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 86 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır.*
X.Nəsirzadə