İtaliya 2023-cü ilin birinci yarısında Azərbaycandan neft idxalına çəkdiyi xərci ötən ilin eyni dövrünə nisbətən 20,3% - $3,28 milyarda qədər azaldıb.
Neft bazarındakı mənbələrdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə İtaliya $2 milyard 349 milyon məbləğində “Azeri Light” (azalma 15,7%), $931 milyon məbləğində “Azeri Blend” markalı neft (azalma 30,2%) idxal edib.
2023-cü ilin iyun ayında İtaliya Azərbaycandan $528,96 milyon məbləğində neft (azalma 9,4%) idxal edib: $263,969 milyon məbləğində “Azeri Light” (artım 12,4%), $264,991 milyon məbləğində “Azeri Blend” markalı neft (azalma 24%).
Xəbər verildiyi kimi, 2023-cü ilin birinci yarısının yekunları üzrə Azərbaycan İtaliyaya neftin ən iri tədarükçüsü olub. Yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 5,164 milyon ton neft (“Azeri Light” – 3,703 milyon ton, “Azeri Blend” – 1,461 milyon ton) ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,9% çoxdur.
Hesabat dövründə “Azeri Light” markalı neftin bir bareli $85,65-ə (azalma 22%), “Azeri Blend” markalı neftin bir bareli $84,38-ə (azalma 27,1%) alınıb.
Birinci yarımillikdə İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82,10 (azalma 22%) təşkil edib. Ən bahalı neft növü “Bu Attifel” ($101,23), ən ucuz neft növü isə “Sarir” nefti ($55,4) olub.*
R.Kərimov