Avqustun 10-da xarici işlər naziri Ceyhun Bayramov Litvanın Azərbaycandakı səfiri Eqidius Navikası ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
“C.Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan və Litva arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfirə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Nazir son dövrlərdə Azərbaycan və Litva arasında ali və yüksək səviyyəli qarşılıqlı təmasların və səfərlərin artmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb”, - deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*