Şimali Makedoniyanın xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqları zamanı Bakı və İrəvanı konstruktiv dialoqa çağırıb və tərəflərə münasibətləri normallaşdırmaqda kömək etməyə hazır olduğunu bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi ATƏT-ə istinadən xəbər verir ki, Osmani Laçın yolu ətrafındakı vəziyyətdən narahatlığını bildirib, yenidən bütün tərəfləri münaqişədən zərər çəkmiş əhalinin rifahı naminə həll yolları axtarmaq üçün konstruktiv və məhsuldar dialoqa çağırıb.
“O, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və etimadın möhkəmləndirilməsi ilə bağlı qərarlar çərçivəsində ATƏT-in etimadın möhkəmləndirilməsi tədbirləri və alətlərini təklif edib”, - deyə məlumatda qeyd olunur.
Tərəflərlə qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirən Osmani ATƏT sədrliyinin vəziyyətin nizamlanmasına nail olmaq üçün tərəflər arasında dialoqa kömək etməyə hazır olduğunu diqqətə çatdırıb.*
R.Kərimov