İndiyədək Sumqayıt Kimya Sənaye Parkına (SKSP) rezidentlər tərəfindən 5,3 milyard manatdan çox sərmayə yatırılıb, mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 386 milyon manat investisiya yatırılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.
“Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən hazırda 20-si fəaliyyət göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,3 milyard manatdan çox sərmayə yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 386 milyon manat investisiyanın yatırılması, 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Bugünədək Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 8,67 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 3,12 milyard manatdan çox hissəsi (təxminən 36%-i) ixracın payına düşür. Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal, 446,3 milyon manatlıq məhsul isə ixrac edilib.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.*
R.Əhmədov