Azərbaycanın baş naziri Əli Əsədov Belarusa səfər edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus baş nazirinin müavini İqor Petrişenko Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Bu il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyidir. Qarşılıqlı fəaliyyət və əməkdaşlıq çox fəal inkişaf edir. Dövlət başçıları Belarus-Azərbaycan münasibətlərinə müvafiq ritm və ton verirlər. Bizim hökumət başçıları mütəmadi olaraq görüşlər keçirirlər. Ümid edirik ki, münasibətlərin bütün spektri yalnız yüksələn xətlə inkişaf edəcək. Biz Azərbaycan baş nazirinin ölkəmizə səfərini səbirsizliklə gözləyirik və bu səfər zamanı regionlararası əməkdaşlığın, paytaxtlarımız - Bakı və Minsk arasında qarşılıqlı əlaqələrin inkişafını da nəzərdə tutan ikitərəfli sənədlər paketi imzalamağı planlaşdırırıq. Səfər çərçivəsində biznes forumun keçirilməsi də nəzərdə tutulub”, - deyə Petrişenko bildirib.
O, həmçinin iki ölkə arasında digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi planlarından da danışıb. Xüsusilə bu il birinci Azərbaycan-Belarus Gənclər Forumu keçirilib, gənclər qurumlarının qarşılıqlı fəaliyyəti ilə bağlı planlar müəyyənləşdirilib. 2024-cü ildə Belarusda Azərbaycan və Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.*
R.Əhmədov