Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Ermənistanın Laçın yolu ətrafında vəziyyətin müzakirəsi üçün Təhlükəsizlik Şurasının iclasını keçirməklə bağlı BMT-yə müraciətini TŞ-nı manipulyasiya alətinə çevirmək cəhdi adlandırıblar və İrəvanın hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiyanı gözləyirlər.
Bazar ertəsi XİN-in dərc olunmuş bəyanatında deyilir ki, “Bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir”.
XİN-də bəyan ediblər ki, 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, “Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir”.
XİN Laçın yolunda hazırki vəziyyətə toxunaraq vurğulayıb ki, yaranmış vəziyyətlə bağlı Ermənistan məsuliyyət daşıyır. “Bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi. Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı. Əgər Ermənistan və onun tabeliyindəki qondarma “qurum” razılaşmaya əməl etsəydi, məsələ avqustun əvvəlində, Qarabağ bölgəsinin sakinlərinə humanitar yüklərin çatdırılması, habelə insanların, malların və nəqliyyat vasitələrinin keçməsi üçün marşrutların asanlaşdırılması ilə bağlı məqbul çərçivənin təmin edilməsi ilə həll olunardı. Bu səbəbdən, Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə bu vəziyyətdən çıxış yolları axtarmaq üçün apardığı intensiv qarşılıqlı fəaliyyətinə baxmayaraq, Ermənistan bu diplomatik səylərə qəsdən mane olması heç bir şübhə doğurmamalıdır”, - XİN-dən qeyd olunur.
“Bu kritik mərhələdə, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması və yerli erməni əsilli sakinlərin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə reinteqrasiyası prosesinin qarşısında duran çətinlikləri aradan qaldırmaq üçün mövcud risklərin aydın şəkildə dərk edilməsi və beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiyası həmişəkindən daha önəmlidir”, - “İnterfaks-Azərbaycan” agentliyinə daxil olan bəyanatda deyilir.
“Bölgədə davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanın əldən verilməməsini təmin etmək vacibdir”, - nazirlikdən vurğulanıb.
XİN bildirir ki, “Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir”.
Nazirlikdən qeyd olunur ki, “30 ilə yaxın müddət ərzində, 2020-ci ilin sentyabrınadək Ermənistana xas olan, danışıqların imitasiyası, son dəqiqələrdə əvvəlki öhdəliklərdən yayınmaq və konkret qərarlar qəbul etməkdən boyun qaçırmaq üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətməyi ehtiva edən təcrübəni xatırladır”.
Bakıda bəyan ediblər ki, son həftələrdə, “beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan”, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib.
Nazirlik həmçinin bildirir ki, eyni zamanda, “son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub».
XİN-də bəyan ediblər ki, Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb və onun Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıması onun yerdəki əməllərindən fərqlənir.
“Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır”, - XİN-dən vurğulanır. **
R.Kərimov