Türkiyə Laçın yolu ilə bağlı vəziyyəti yaxından izləyir, bu məsələdə Bakıya qarşı tənqidlərə heç bir əsasın olmadığı fikrindədir, İrəvanı Qarabağın erməni əhalisinin ehtiyaclarının ödənilməsi məqsədilə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ideyasını dəstəkləməyə çağırır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyibəyanat yayıb.
“Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır. Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi”, - Türkiyə XİN-in bəyanatında deyilir.
Nazirlikdən vurğulanır ki, Türkiyə bu fikirdədir ki, “Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur”. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də yüklərin daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini deməyə əsas verir.
“Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də Azərbaycanın erməni əhalisini reinteqrasiya etmək səylərinə dəstək verməkdir”, - bəyanatda deyilir.
Türkiyə XİN hesab edir ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir. **
N.Abbasova