2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $11 milyard 220 milyon 469,01 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 25,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $30 milyard 333 milyon 431,69 min (2022-ci ilin eyni dövrü ilə müqayisədə artım 0,9%) təşkil edib. Hesabat dövründə ixracın həcmi $20 milyard 776 milyon 950,35 min (azalma 7,9%), idxalın həcmi $9 milyard 556 milyon 481,34 min (artım 27,5%) təşkil edib.
İxracın strukturunda əsas həcm (90,34%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 12,88% ərzaq məhsullarının, 0,67% tütün və tütün məhsullarının, 3,79% əczaçılıq məhsullarının, 0,47% gübrələrin, 3,16% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,42% oduncaq və ondan hazırlanan məmulatların, 2,06% geyim və geyim aksessuarlarının, 6,18% qara metallar və onlardan hazırlanan məmulatların, 18,89% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,44% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,78% mebelin, 33,26% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 8695 özəl və dövlət müəssisəsi və 39392 fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 190 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 44,92%-i), Türkiyə (16,48%), Yunanıstan (4,55%), İsrail (3,98%), Rusiya (3,42%), Hindistan (3,22%), İspaniya (3,15%), Çexiya (2,53%), Gürcüstan (2,2%) və Rumıniya (2,07%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,14%), Çin (16,28%), Türkiyə (13,84%), Almaniya (5,76%), Türkmənistan (5,39%), Fransa (3,32%), ABŞ (2,98%), İran (2,83%), İtaliya (2,63%) və Koreya (2,46%) ilə həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu neft və qaz qiymətlərinin yüksək olması fonunda $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.*
B.Rüstəmbəyov