Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa tərəfinin Laçın yolu ilə əlaqədar iddialarını rədd edir.
“Avqustun 15-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlama zamanı Azərbaycana qarşı irəli sürülmüş əsassız iddiaları qətiyyətlə rədd edirik”, - XİN-in bəyanatında deyilir.
Nazirlikdən bəyan ediblər ki, Azərbaycanın Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi öhdəliyinə uyğun olaraq, eləcə də, Ermənistan tərəfindən Laçın yolundan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə hallarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinin blokada kimi qələmə verilməsi “absurddur”.
Nazirlik xatırladır ki, Azərbaycan tərəfi erməni sakinlərin həqiqətən də gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycan tərəfi “Ağdam-Xankəndi” və digər alternativ yollar təklif edib. Avropa İttifaqı və BQXK-nın bu yollardan istifadəyə dəstək verməsinə baxmayaraq, Fransa tərəfi Ermənistanın manipulyasiyalarına uyaraq, bu razılaşmalara dəstək verməyib.
Bakıda bəyan ediblər ki, “məhz bu alternativ yollardan istifadə ilə bağlı Ermənistanın və onun tabeliyində olan separatçı rejimin əldə olunmuş razılaşmanı pozmasına Fransa tərəfinin heç bir reaksiya verməməsi, bu ölkənin bölgədə gərginliyi daha da artırmaq səylərindən xəbər verir”.
“Fransız nazirin Ermənistanın saxta təbliğatına inanaraq, Avropa İttifaqının Ermənistandakı missiyası tərəfindən də yanlış olaraq dəyərləndirilən guya missiyaya qarşı atəş açılması barədə dezinformasiyaya öz açıqlamasında istinad etməsi də Fransanın bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir”, - XİN-də əlavə ediblər.
“Son günlər şərti sərhəddə və Qarabağ iqtisadi rayonunda yeni təxribatlara zəmin yaradan Ermənistan tərəfi ənənəyə sadiq qalaraq, böhtan xarakterli məlumat yaymaqla dünya ictimaiyyətinin diqqətini yayındırmağa və bu məqsədlə Avropa İttifaqını alətə çevirməyə çalışır. Fransa tərəfinin də bu kampaniyanın alətinə çevrilməsi təəssüf doğurur", - XİN yekun vurub. **
R.Kərimov